Azarbaycan dili tarixi

Azərbaycan dili tarixi (oçerklər və mətnlər)
Author:T.İ.Hacıyev,K.N.Vəliyev
Editor:N.Nağıyev
Publisher: Baki., Maarif
Publication date: 1983
Number of pages: 255
Format / Quality: PDF
Size: 44.90 Mb
Language: Azarbaycan
Цитата:
250 makina səhifəsi həcmində olan bu əsərin yazılmasında əsas məqsəd filologiya fakültələrində təhsil alan tələbələrin Azərbaycan ədəbi dilinin tarixinə dair biliklərini praktik cəhətdən yoxlamaq, dərinləşdirmək, əməli istiqamətə yönəltmək, qədim abidələrin dili üzərində bilavasitə müşahidələr aparmaqdır. Bu, özlüyündə faydalı və əhəmiyyətli bir işdir və həm də bu sahədə ilk təşəbbüs olmaq etibarilə qiymətlidir.
Əsər yalnız praktik materiallardan ibarət deyildir və kitabda bir sıra oçerklər də verilmişdir. Doğrudur, tələbələr ədəbi dil tarixi fənninin tədrisi prosesində mühazirə, dərslik və dərs vəsaitlərindən proqram üzrə zəruri materialı öyrənə bilirlər, lakin bilavasitə yazı abidələrindən seçilib verilmiş mətnlərin dili üzərində ilkin müşahidə və araşdırmalar aparmaq üçün bu cür oçerklərə ehtiyac vardır, bunlar tələbənin yolunu işıqlandırır, onu daha yaxşı istiqamətləndirir. Buna görə də biz həmin oçerkləri praktikum üçün faydalı və gərəkli hesab edirik.
Oçerklər əsasən yığcam olub, tarixi qrammatika və ədəbi dil tarixinin əlaqəli və fərqli cəhətləri, tədqiq obyektləri, Azərbaycan dili anlayışı, ədəbi dil tarixinin dövrləri, XIII-XIV və XIV-XVI əsrlər ədəbi dili kimi məsələləri əhatə edir.
Əsərdə «Azərbaycan dili anlayışı»nın şərhinə nisbətən geniş yer verilmişdir. Bu hal əslində zəruri ehtiyacdan irəli gəlmişdir. Dilçiliyimizdə Azərbaycan ədəbi dilinin qədim kökləri əsaslı şəkildə öyrənilməmişdir. Bu sahə hələ də qaranlıq və dumanlı olaraq qalmaqdadır. Bunun bir səbəbi də yeni eradan əvvəlki minilliklərə və bizim eranın birinci minilliyinə dair materialın yoxluğu və ya azlığıdır. Bu cəhəti nəzərə alaraq, müəlliflər çox böyük səylər, ağır zəhmət hesabına müxtəlif xarici mənbələrdə səpələnmiş tək-tək məlumatları toplayaraq, nəticə etibarilə faydalı material əldə etmişlər. Bu materiallar türk tayfalarının Azərbaycana sonradan gəldiyini və birdən-birə yerli aborigenlərin dilini sıxışdırıb aradan çıxardığını iddia edənlərin yanlış fikirlərini ustalıqla təkzib edir, hələ eradan çox-çox əvvəllər ölkəmizin ərazisində türk tayfalarının, türk dilinin mövcud olduğunu və türklərin sonrakı (bir neçə dəfə) gəlişləri ilə bu tayfaların, türk dilinin gücləndiyini, tədricən ümumxalq dilinə çevrildiyini sübut edir. Qeyd etməliyik ki, dilimizin bizim minilliyə qədərki inkişaf yolunu ancaq bu istiqamətdə araşdırmaq düzgün nəticə verə bilər.
Əsərdə Azərbaycan ədəbi dilinin inkişaf yolu iki dövrə ayrılmışdır: təşəkkül dövrü, sabitləşmə dövrü . Müəlliflərin fikrincə, birinci dövr IX-X əsrlərdən XVII əsrin əvvəllərinə qədərki dövrü, ikinci dövr isə XVII əsrin əvvəllərindən hal-hazıra qədərki dövrü əhatə edir.
Prof. Ə.Dəmirçizadə birinci dövrü «Ümumxalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşıb inkişaf etməsi dövrü» adlandırır və bu dövrü XI-XIII əsrlərdən XVIII əsrə qədərki bir dövr hesab edir. Bizcə, hər iki bölgüdə birinci dövr uzun dövrdür, formalaşma, sabitləşmə bu qədər olmaz. Uzağı Həsənoğluya qədərki dövr sabitləşmə - formalaşma üçün kifayət edərdi. Şifahi dil nümunəsi olsa da, «Kitabi-Dədə Qorqud» kimi bir abidənin dili və ya Nəsiminin dili bütöv bir ədəbi dil nümunəsi üçün kifayətdir və bu dili «təşəkkül dövrünün dili» hesab etmək olmaz.
Əsərin əsasını müxtəlif abidələrdən seçilib götürülmüş nümunələr mətnlər təşkil edir. Əsər ədəbi dilimizin inkişafında nəzərdə tutulan birinci mərhələni - «təşəkkül dövrü»nü əhatə edir. Ona görə də verilmiş mətnlər bu dövrə aid abidələrdən seçilmişdir. Yeri gəldikcə müqayisələr aparmaq üçün qohum türk dillərinə məxsus bəzi abidələrdən də nümunələr verilmişdir.
Mətnlərin seçilməsində dövrü xarakterizə etməyə imkan verən faktların və səciyyəvi əlamətlərin bolluğu, üstünlüyü əsas götürülmüşdür. Ona görə də ədəbi dil tarixi fənninin tədrisi prosesində praktik şəkildə yoxlamaq və öyrənmək üçün ehtiyac duyulan hər cür dil faktına bu materiallarda rast gəlmək mümkündür. Həm də bu faktlar bir çox dil-nitq hadisələrini ardıcıl inkişaf prosesində izləməyə imkan verir.
Tələbələri işlətmək və istiqamətləndirmək üçün hər bir mətnin sonunda suallar və çalışmalar - tapşırıqlar tərtib edilmişdir.
Filoloq tələbələrə və ümumən ədəbi dil tariximiz ilə maraqlananlara faydasını nəzərə alaraq, praktikumun dərs vəsaiti kimi çap olunmasını məsləhət bilirik. Bu əsərdən tarixi fonetika və tarixi qrammatika ilə məşğul olanlar da istifadə edə bilərlər.
Biz əsərin elmi dəyərini artırmaq üçün aşağıdakıları təklif edirik:
1. Bəzi oçerklərdə tək şəxsin (I şəxs təkin) dilindən danışılır (səh. 6 və s.), əsərin müəllifi isə məlum olduğu üzrə ikidir. Belə halda ya üslubu dəqiqləşdirmək, yaxud da hər müəllifin işlədiyi bölməni dəqiq göstərmək lazımdır.
2. Əsərin mündəricatı bəsitdir, mövzuları tam əhatə edə bilmir. Mündəricatı yenidən işləmək və ora mətnləri də daxil etmək faydalı olar.
3. Hazırkı nüsxədə ədəbiyyat olmadığı üçün bir çox məsələlər şəxsən mənə qaranlıq qaldı. Məsələn, səh.30-da KASPİ sözünün etimoloji izahı prosesində Ə.Dəmirçizadənin fikrinə münasibət nəzərimə çarpmadı.
4. Dərslikdə və dərs vəsaitlərində ümumi sərlövhələr diqqətlə və məntiqi tərtib olunmalıdır. Ədəbi dilin dövrləşdirilməsi barədə məlumatdan sonra birdən-birə şifahi xalq ədəbiyyatı nümunələrinə keçilir. Məncə, məlumatdan sonra müəlliflər qəbul etdikləri bölgüyə əsasən başlıqlar verməli idilər: əvvəlcə ədəbi dilin təşəkkül dövrü, sonra inkişaf mərhələləri və s.
Onu da qeyd edim ki, əsərdə nə üçün yalnız təşəkkül dövrünə aid materialların əhatə edildiyi də izah edilməlidir: müəlliflər ya sonrakı dövrə aid materialların çoxluğunu qeyd edə bilər, yaxud əsərin üzərində «birinci hissə» sözlərini.
5. Filologiyamızda bəzi terminləri bir formada dəqiqləşdirmək lazımdır: bəzi kitablarda «Kitabi-Dədəm Qorqud», burada isə gah «Kitabi-Dədə Qorqud» (səh.35), gah da tərcüməsi ilə: «Dədə Qorqud kitabı» (səh.60) işlədilir.
6. Bəzi mətnləri bir qədər yığcamlaşdırmaq, artıq şeyləri ixtisar etmək olar; məsələn: səh. 107 - 112-də eyni (balaca - 5 - 6 sətirlik) parça 5-6 dəfə təkrar olunur.
7. Səh.105-dən başlayaraq, Dədə Qorquda aid edilən atalar sözlərinin (bunların içərisində atalar sözləri də tapmaq mümkündür) çoxu alqışlar, öyüdlərdir.
Həm də bu bölmə Dədə Qorqudun özünə aid olan atalar sözlərindən sonra verilməlidir.
8. Səh.120-dən başlayan fotosurətin əvvəli, axırı, izahı, qeydi yoxdur.
9. Bəzi mənbə və materiallar («Qisseyi-Yusif», «Dastani-Əhməd Hərami» və s.) haqqında bir münasibətlə müəyyən qeydlər vermək, yazılma, tapılma, nəşr tarixi haqqında bir-iki söz demək yaxşı olardı.
10. Əsərin sonunda alınma və arxaik sözlərin lüğəti verilmiş olsa idi, bu əsərin dəyəri artardı.
11. Qeydlərimizin biri də çalışma və suallara aiddir. Bunlar bəzən çox ümumidir (səh. 127-də 13-cü bənd və s.). Bütöv mətndən sonra çalışmalar verilməsinin başqa bir mühüm çətinliyi də vardır. «Kitabi-Dədə Qorqud»la əlaqədar təqribən 40 səhifəlik material verilmiş, sonra 28 bənddən ibarət çalışma nəzərdə tutulmuşdur (səh.84 - 126). Yaxud: Füzulidən 33 səhifəlik (səh.204-236) material verilmiş, 15 bənddən ibarət tapşırıq müəyyən edilmişdir. Yaxşı tələbə bir dərs üçün bu tapşırıqdan ikisini-üçünü icra edə bilər, çünki hər dəfə həmin 33 səhifəni və ya «Kitabi-Dədə Qorqud»dan 40 səhifəni nəzərdən keçirməlidir və elə bu materialın içərisindən fakt axtarmaq böyük vaxt tələb edəcəkdir. Ona görə də yaxşı olardı ki, hər bir tapşırıq üçün konkret, balaca və səciyyəvi mətnlər nəzərdə tutula idi. Məsələn, bu cəhətdən müəlliflərin 237-ci səhifədə verdikləri 11 nömrəli çalışmanı nümunəvi saymaq olar.
12. Əsərdə texniki qüsurlar çoxdur. Məsələn, əsərin sonunda verilmiş sual və tapşırıqların bir çoxunu (23, 150, 151 və s.) qədim abidələrə nisbətən daha çətin başa düşmək olur. Üslub xətaları (səh.106-da 9-cu bənd və s.) vardır...
Bu qeydlərin nəzərə alınması əsərin xeyrinə olar. Şübhəsiz, bunların bir çoxu redaktə və nəşr zamanı aradan qaldırılacaqdır. Ona görə də biz bu ilk təşəbbüsü alqışlayır və onun filologiya fakültələri üçün dərs vəsaiti kimi çap olunmasını faydalı hesab etdiyimizi bir daha qeyd edirik.1982, may
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Поделитесь записью в соцсетях с помощью кнопок:
