Canlanma- Tarixi metaroman - 2009

15.09.09 | Admin

http//photoload.ru/data/89/93/c6/8993c6e2d67634d2e190e80b3cc600f2.jpg

Canlanma- Tarixi metaroman
Author: Taleh Şahsuvarlı
Publisher: Baki:"Araz"
Publication date: 2009
Number of pages: 222
Format / Quality: Pdf
Size: 1,6 Mb
Language:Azarbaycan

Цитата:

Taleh Şahsuvarlı


Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub.

Bakı Dövlət Universitetin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycanda ilk müstəqil tələbə qəzetinin naşiri, mətbuat tarixində ən gənc qəzet baş redaktoru olub. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın müəllifidir. Azərbaycanın tanınmış siyasi analitiki və liberal düşüncənin əsas müdafiəçilərindən biridir. 2002-ci ildən "Pragma" İctimai Siyasət Mərkəzinin direktorudur. "Canlanma" müəllifin ilk bədii əsəri və Azərbaycanda ilk tarixi metaromandır.

"Canlanma" tarixi metaromanı


"Canlanma" tarixi metaromanı- yazıçı Taleh Şahsuvarlının 2009-cu ildə "Araz" nəşriyyatında çapdan çıxmış əsəridir.

Azərbaycanda son on ilin ən güclü bədii əsəri sayılan və ilk tarixi metaroman olan “Canlanma” demokratiyanın ölkəmizdəki köklərindən və hazırkı vəziyyətindən bəhs edir. Metaromanın qəhrəmanı Azin Kürəçi QHT lideri, demokrat və qloballaşma tərəfdarıdır. O, 2005-ci ildə keçirilmiş seçkilərdə müxalifətin parlamentə namizədlərindən biri olur və qələbə qazanır. Lakin ölkədə ədalətli seçkilər keçirilmədiyindən hökumət onu cəzalandırmaq məqsədi ilə hərbi xidmətə göndərir. Azin Kürəçi hərbi xidmətdən qayıtdıqdan sonra ABŞ-a və Ermənistana səfər edir. Bu səfərlər ona regionda demokratiyanın və sülhün labüdlüyünü daha dərindən anlamağa imkan verir. O, Qafqazda və İranda azad bazarın və açıq cəmiyyətin formalaşması uğrunda daha böyük səylə mübarizə aparmağı qərara alır. Bu zaman qeyri-adi hadisələrlə rastlaşır. Məlum olur ki, Azərbaycanda gizli bir sekta fəaliyyət göstərir və Azin Kürəçinin valideynləri həmin lojanın üzvləridirlər. 8-9-cu əsrlərdə movcud olmuş yarıdini Xürrəmlər hərəkatının davamçıları olan gizli təşkilat- "Qan və üz" Babəkin canlanmasına inanır və Azin Kürəçinin biləklərindəki anadangəlmə çapıqları canlanmanın əlamətləri hesab edirlər.

Babək Xürrəmi (4 iyul 795-14 mart 838) ərəb xilafətinə qarşı mübarizə aparan Azərbaycan qəhrəmanı idi. O, 21 il ərzində Abbasi xəlifələrinin 6 böyük ordusunu darmadağın edib və 837-ci ildə əsir alınaraq Samirə şəhərində amansızlıqla edam olunub. Öldürülən zaman Babək kəsilmiş əllərinin qanını üzünə çəkir və bu hərəkəti qanının axması nəticəsində rənginin saralmasını xəlifə Mötəsimin qorxaqlıq kimi başa düşməməsi üçün etdiyini bildirir. Onun ölümündən sonra oğlu Feofob (o, xristianlığı qəbul edərək Bizans imperatoru Feofilin bacısı ilə evlənmiş və onun sərkərdəsi olmuşdu) “Qan və üz” konspirativ cəmiyyətini yaradır və Babəkin azadlıq mübarizəsini davam etdirir. Əsərdə Xürəmilər hərəkatı Skandinaviya vikinqləri ilə müqayisə edilir, onların şərqdə liberal demokratiyanın tarixi bazası olduğu sübuta yetirilir.

Azin Kürəçi özünü Babəkin ruhunun yox, ideyalarının daşıyıcısı sayır. O, İranı sərt tənqid edir, Azərbaycanda insan hüquqları, Qafqazda sülh uğrunda mübarizə aparır. Onu qorxutmaq məqsədiylə bıçaqlayır, əsərin sonunda isə həbs edirlər. Keçmiş sevgilisi Reyhan ərindən boşanaraq həbsdə olduğu zaman Azin Kürəçi ilə kəbin kəsdirir. Bu nigah həm də Azərbaycanda qadın hüquqlarının pozulmasına etiraz kimi təsvir edilir. Metaroman "Azin Kürəçiyə azadlıq" tələbi ilə bitir. Onlarla siyasi məhbusun olduğu Azərbaycanda bu cür tələblərə müxalifət qəzetlərinin səhifələrində hər gün rast gəlmək mümkündür.

Əsərdə iki ayrı-ayrı fəsildə müəllifin adının və soyadının baş hərfləri işlənməyib.

Dalğa Gənclər Hərəkatı "Canlanma"nı GƏNCLİYİN KİTABI elan edib.

222 səhifədir.

Цитата:

“Canlanma” tarixi metaromanı haqda Taleh Şahsuvarlı ilə on-line müsahibə


-Taleh bəy, Sizi kitab çıxması münasibəti ilə təbrik edirik. Bilmək istəyirik ki, niyə məhz “tarixi metaroman” janrına müraciət etdiniz? Bu janrı Azərbaycan oxucusuna necə izah edirsiniz?

-Təşəkkür edirəm. Sözün açığı, mənim Azərbaycan oxucusuna tarixi metaroman janrını izah etmək kimi bir öhdəliyim və borcum yoxdur. Mən nə ədəbiyyatşünasam, nə tənqidçi, nə də müəllim. Yazaram. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır, ədəbiyyatşünaslar və tənqidçilər ləngimədən, ayı-aya satmadan oxuculara izah eləməlidirlər ki, Azərbaycan ədəbiyyatındakı bu yeni janrın özəllikləri nədir? “Canlanma”nın həmin parametrlər baxımından bədii məziyyətləri nə səviyyədədir? Çox təəssüf ki, bizim tənqidçilər mətni, ədəbiyyatı qoyurlar bir qırağa, ya müəllifi göylərə qaldırmaqla, ya da yıxıb-sürüməklə məşğuldurlar. Mən onlara şans yaratmışam, zəhmət çəkib öz işləri ilə məşğul olsunlar. Sualın ikinci hissəsinə gəlincə, bu janrı tamamilə şüurlu surətdə seçmişəm. Azərbaycanda belə bir fikir var: əsəri yazmaq, ondan sonra kateqoriyasını müəyyənləşdirmək. Mən o fikirlə razı deyiləm.

-Niyə?

-Təsəvvür edcin ki, Siz yemək bişirmək istəyirsiniz. Yağınız, ətiniz, kartofunuz və s. var. Amma onu xörək halına gətirmək üçün əlinizdə reseptiniz də olmalı. Çünki o ərzaqdan sous da bişirmək olar, saciçi də. Məncə, janr yazarın reseptidir və mən mətni konkret reseptə əsasən başa gətirmişəm. Mənim əsas məqsədlərimdən biri Azərbaycanda azadlığın, demokratiyanın, etirazın və o cümlədən məğlub adam kompleksinin tarixi köklərini və günümüzün ictimai-siyasi problemlərinin bədii həllini tapmaq idi. Postmodernist axından, tarixi metaroman janrından istifadə etməklə buna nail oldum. Məncə, nail oldum.

-Kitabı niyə satışa vermədiniz?

-Azərbaycandakı kitab bazarı haqda yüksək fikirdə deyiləm. Malı olmayan bazarda öldürməyin adı yoxdur. Bunun əvəzində, onsuz da məhdud tirajı olan romanı konkret hədəf qruplara təqdim eləməyin daha faydalı olacağını düşündüm- bura millət vəkilləri, siyasi partiyalar, QHT-lər, KİV və əlbəttə ki, ədəbi cameə daxildir. Bu həmdə mənim Azərbaycanın aparıcı kəsimlərinin oxuculuq əmsalını qaldırmaq təşəbbüsümdür. AYO-nun tanıdığım bütün üzvlərinə kitab göndərmişəm, bir çox müstəqil yazarlar artıq kitabı məndən alıblar, AYB-yə də təqdim edəcəm.

-Anar və Elçin haqqında dediklərini necə qarşılamaq olar?

-Anar da, Elçin də kifayət qədər samballı və çoxşaxəli adamlardırlar. Misal üçün, Elçin mənim yadımda 1990-cı ildə Bərdədən deputatlığa namizədliyini vermiş şəxs kimi qalıb. Bu gün məmurdur. Bir yazıçı həkim də ola bilər, mühasib də. Onun həkimliyi, mühasibliyi bir başqa şeydir, yazıçılığı tamam başqa. Mənim nə məmur Elçinə, nə də yazıçı Elçinə heç bir etirazım yoxdur. Məmur Elçin ölkəni talayanlardan deyil, yazıçı Elçin isə kifayət qədər peşəkardır. Hə, bir də var, ziyalı Elçin, mən ondan demokratiyaya, söz azadlığına dəstək gözləyirdim və hələ də gözləyirəm. O dəstəyi almayana qədər ziyalı Elçini tənqid edəcəm. Eyni şərt Anara da aiddir. Mənim Anar müəllimin, Rəsul Rzanın yaradıcılığına heç bir iradım yoxdur. Əksinə, onlardan çox şey öyrənəcəyimi düşünürəm.

-Bəs, Seymur Baycana münasibətin necədir?

-Şəxsi planda mənim ona göstərdiyim səmimiyyəti Seymur mənə göstərmədi və son vaxtlar eşidirəm ki, başqa dost-tanış da ondan narazıdır. Yazıçı kimi isə ədəbi dərnək-zad yaradası olsam, Seymur istəsə, gəlib məndən nələrsə öyrənə bilər. Baxmayaraq ki, su tökməklə quyu dolmur. Seymur çox oxusa da, Allah ona qələm verməyib. Seymurun bir neçə kitabı çıxıb, amma hamısı bir yerdə “Canlanma” çapdan çıxmazdan qabaqkı səviyyədə müzakirə olunmayıb. Niyə? Çünki ortada mətn yoxdur. Bunu deməyim qərəzli çıxmasın deyə, icazə verin, Elnur Astanbəylidən sitat gətirim. Elnur özü mətbuatda boynuna alıb ki, biz köhnə ədəbi təsəvvürləri dağıtdıq, amma yeni ədəbiyyat nümunələri ortaya qoya bilmədik. Bax o nümunəni mən çıxatmışam ortaya! Və Azərbaycanda ədəbiyyatında məxməri inqilab eləmişəm. Bunu artıq oxucular da deyir!

-Məgər kitab artıq oxunub?

-Əlbəttə! “Alma” qəzetinin baş redaktoru İsrail Musayev zəng eləmişdi, təbrik elədi, kitabı oxuyub qurtardığını bildirdi.Onu “usta işi” və ümumən “Azərbaycan ədəbiyyatında yeni mərhələ” adlandırdı. İsrail Musayev kifayət qədər bədii zövqü olan və tərifləməyə xəsislik edən adamdır. Heç zaman unutmayacam ki, kitabın ilk oxucusu İsrail müəllim- mənim bir zamanlar “Azadlıq” qəzetində yazılarını oxuduğum və “kaş mən də belə yaza biləydim” dediyim adamlardan biri oldu. İnanın, bu cür keçmişi və xarakteri olan adamların qiyməti mənə bəs edir!

-Ədəbiyyat üçün PR-ın önəmi nə qədərdir?

-PR təbii ki, çox önəmlidir. Oxucunun diqqətini cəlb eləmək, yadında qalmaq, əsəri oxumağa sövq etmək indiki zamanda vacib şərtdir. Amma daha vacib olan mətndir. Əgər ciddi ədəbi tənqidin qarşısında duruş gətirəcək mətn yaratmamısansa, PR, uzaqbaşı, səni populyar edə bilər, peşəkar yox.

-Nəyə görə “Canlanma” oxunmalıdır?

-Baxır bu sualı kim verir. Ədəbiyyatla professional şəkildə maraqlanan ona görə oxumalıdır ki, piyasadan, ədəbi dinamikadan xəbərdar olsun. Oxucu müxtəlif səbəblərə görə oxuya bilər, dünyagörüşünü genişləndirmək, özünü bir başqa mühitdə hiss etmək, yaxud təyyarədə vaxtını öldürmək üçün... Odur ki, mən bu sualı belə qoyardım: “Canlanma” oxucuya nə vəd edir?

-Nə vəd edir?

-Bu əsər dünya ədəbiyyatını, dünyadakı müasir ədəbi texnologiyaları Azərbaycana gətirib. 21-ci əsrdən xəbər tutmaq istəyən azərbaycanlı “Canlanma”nı mütləq oxumalıdır.

-Aqşin www.adyazar.az saytında Sizə belə bir sual ünvanlamışdı ki, kitab çıxar-çıxmaz müəlliflikdən niyə imtina etmisiniz?

-Mən də ona belə cavab yazmışdım ki, “mən müəlliflikdən imtina etmişəm ona görə ki, "Canlanma" artıq oxuculara məxsusdur. Oxucular onu oxuya, başa düşə, başa düşməyə, sevə, sevməyə, hətta yandıra da bilərlər. Ikincisi, müəlliflikdən ona görə imtina etmişəm ki, oxucular, o cümlədən ədəbiyyatla peşəkarcasına məşğul olanlar işdi–şayəd metaroman barədə fikir bildirmək istəsələr, tamamilə sərbəst olsunlar- ola bilər, birinin mənə hörməti var, birinin məndən zəhləsi gedir və s.- komplekslərə qapılmasınlar. Mətndən qıraqda ədəbiyyat yoxdur, mən və imzam da ədəbiyyat deyilik. Ədəbiyyat mətndə mövcuddur və mən mətni xalis şəkildə təqdim eləmək üçün belə bir açıqlama vermişəm. Xahiş edirəm, mətn barədə təhllillər məhz mətnə əsasən aparılsın. Tam səmimi deyirəm, əgər Aqşin, ya bir başqası həmin mətni təhlil edib mənə səhvlər (korrektura, texniki, redaktə zamanı “delete”nin dişindən qopub qalmış qüsurları demirəm, onların siyahısı özümdə var) göstərə biləcəksə, inanın, buna görə o adamlara təşəkkür edəcəm, yaxud analiz peşəkar ədəbiyyatçı olmayan oxuculara mətni başa düşməyə kömək edəcəksə, yenə minnətdar olacam. Mənim baxışım, yanaşma tərzim və mübahisə mədəniyyətim böylə. Çünki öz yaradıcılığıma inanıram və mətnin postmodernizmin kriteriyalarına, qullandığım janrın tələblərinə mükəmməl şəkildə cavab verdiyinə əminəm. Hər cür sualları cavablandırmağa da hazıram.

-Yaxın zamanlarda Sizin AYB-yə üzv olacağınızı proqnozlaşdırmaq olarmı?

-Yaxın zamanlarda nə mənim AYB-yə, nə də AYB-nin mənə ehtiyacı olduğunu hiss etmirəm. Hələlik AYB-nin başı konfliktlərə qarışıb. Mənim isə konfliktlərə qarışmaq fikrim yoxdur. Mən ədəbiyyatla məşğulam, ədəbi mühitlə yox.

Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Password: turklib

Поделитесь записью в соцсетях с помощью кнопок:

Просмотров: 2690
Рейтинг:
  • 5
MySQL ERROR [query]: *** (you don't have a permission to see this error) ***