Gulara Yenisey - Turk Kulturunda Elat va Sahar Madaniyyati
Gülara Yenisey. Türk Kültüründə Elat və Şəhər MədəniyyətiAuthor: Gülara Yenisey
Publisher: E-mənbə: kultaz.com
Language:Azarbayjan
Gülara Yenisey
"Türk Kültüründə Elat və Şəhər Mədəniyyəti"
Elmi baxımdan yanaşdığımızda cəmiyyət qanunlarını elmin universal quralları ilə araşdırmamız qaçınılmazdır. Ancaq tarix və sosiologiyanın bütün məsələlərinə qərb gözüylə baxıb dəyərləndirmək də bəzi hallarda doğru olmur.
Bunlardan biri də türk kültürünü araşdırıb dəyərləndirmədə görülür. Türk kültürünü tamamilə qərb mərkəzli elmi baxışla araşdırıb dəyərləndirməniz mümkün deyildir. Qərb baxışıyla baxdığınızda yüksək mədəniyyət bir xalqın oturaq həyata, yerləşik mədəniyyətə keçməsi ilə başlayır. Onun üçün qərb zehniyyəti köçəri mədəniyyətini aşağı, geri qalmış olaraq görür və ona xor baxır. Bu düşüncə qəlibi tamamilə yalnış, əskik, yarımçıq fikirlərə əsaslanmaqdadır. Qərbli olsun, olmasın, bu düşüncə qəlibini mənimsəyən bütün elm adamları da bu yanılğıya düşməkdə, eyni səhvi təkrarlamaqdadırlar.
Qərblilər qəbul etməsə də, sosiologiyanın atası saya biləcəyimiz İbn Xəldun özünün “Müqəddimə” əsərində köçəri və yerləşik mədəniyyətlər mövzusuna toxunaraq, hər ikisinin bir-birini tamamlayan, bəsləyən ünsürlər olduğunu vurğulamışdır. İbn Xəldun bəzən şəhər mədəniyyətinin yadelli işğallar səbəbilə yox olmağa üz tutduğu zamanlarda köçəri mədəniyyətinin onu qurtardığını, şəhər mədəniyyətinə yeni qan verərək onu canlandırdığını, bəzən də yozlaşıb pozulmağa başlayan köçəri mədəniyyətinin tamamilə assimilə olub yox olmaqdan şəhər mədəniyyəti sayəsində qurtulduğunu yazır. Qərblilərin biri aşağı, biri yüksək mədəniyyət ünsürü olaraq gördüyü köçəri və şəhər mədəniyyət ünsürlərini İbn Xəldun, tamamilə başqa gözlə, çox vaxt bir-birinə möhtac, bir-birini tamamlayan və bəsləyən iki ünsür olaraq dəyərləndirir. Bu elmi baxış son dərəcə məntiqli və obyektiv bir yanaşmadır. Ərəblərdəki köçəriləri bədəvi, oturaq həyat yaşayan şəhərliləri hadari adlandıran İbn Xəldun həm bədəvi, həm də hadari kültürünü “biri olmasa, o biri olmaz” şəklində bir-birinə bağlı və ən vacibi qərblilərdən fərqli olaraq, bu iki mədəniyyət ünsürünə bir-birinə tən və eyni dərəcədə önəmli ünsürlər olaraq baxmışdır.
İbn Xəldunun bədəvi-hadari adlandırdığı ərəb mədəniyyət ünsürlərini türkmənlər çərvə-çamur olaraq adlandırmışlar. Türkmənlər köçərilərə çərvə, oturaq həyat tərzində olanlara isə çamur (yəni palçıq) deyirdilər. Oturaq həyata kəçənlərə başqa türk ləhcələrində başqa adlar da verilmişdir. Bunlardan biri də “tatar” sözüdür. Tatar, “tat-ər”, yəni oturaq tərzdə yaşayan deməkdir. Təsadüfi deyil ki, bu gün də İranın Şiraz, Firuzabad bölgələrində yaşayan qaşqaylar oturaq tərzdə yaşayan farsları “tatcıqlar” olaraq adlandırmaqdadır. Böyük ehtimalla “tacik” sözü də bu “tatcıq” sözündən törəmişdir.
Bu gün qərbli alimlərin köçəri mədəniyyəti səviyəcə aşağı görmələrinə zidd bir şəkildə qədim türklər köçəriliyi igidlik, mərdlik, alicənablıq kimi yüksək məziyyətlərlə şərəfləndirərək, ana təbiətin qoynunda qorxmaz macəraçı ruhla dolaşan güclü insanların yaşam tərzi olaraq görmüşlər. Oturaq həyatda yaşayanlara isə insanlar arasında uçurumlar yaradan pul-mülkiyyət, ticari mənfəət münasibətləri səbəbilə mənfi gözlə baxmışlar. Burda kiçik bir xatırlatma ilə şəhərli düzəninə olan bu mənfi baxışın yalnız qədim türklərə məxsus olmayıb, bəzi qərbli yazarlarda da görüldüyünü qeyd etməliyik. Məsələn, ünlü fransız yazıçı Balzak da öz əsərlərində şəhərli düzənin pul, zövq və iqtidarın əsl hədəfə çevrildiyi dünyasını tənqid etmişdir. Şəhərlərdə mülkiyyət və ticari münasibətlər önəmli olduğu üçün mən-mərkəzçilik ön plandadır, “biz” anlayışı daha sonra gəlir. Elat kültüründə isə ticari mənfəət münasibətləri olmadığı üçün hər şey biz-mərkəzçilik üzərində qurulub. Onun üçün də elatlarda “biz” “məndən” öncə gəlir və kollektivçilik çox gəlişmişdir.
Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir. Uzaq məsafələrə köçlər çadır-arabalar şəklindəki kağnılar üzərində gerçəkləşmişdir. Türklər yüzillər boyunca atlar və kağnılar üzərində nəhəng Avrasiya qitəsini bu ucundan o ucuna fəth etmişlər. Türklər bu köçlərdən sonra nəhəng dövlətlər yaratmış, dünyaya böyük mədəniyyət örnəkləri və abidələri ərmağan etmiş, bundan başqa dünyanın çeşidli bölgələrində bir-birindən qopuq düşmüş mədəniyyətləri də çulğaşdırmışlar. Bu səbəblə türklərin ayrı-ayrı coğrafi ərazilərdəki mədəniyyət, elm, texnika sahəsindəki bilgiləri də bir yerdən digərinə çatdırmaqda, bir araya gətirməkdə böyük rolları olmuşdur. Qərblilərin “köçəri” damğası vurduğu, aşağı mədəniyyət səviyyəsi kimi baxdığı bu mədəniyyət ünsürü qəsdən və bilərəkdən geri qalmış, gəlişməmiş bir mədəniyyət olaraq göstərilmişdir. “Barbar köçərilərin” yaşadıqları vəhşi çöl dedikləri yerləri bilərək mədəniyyətdən uzaq bölgələr olaraq göstərmiş, böyük Fərabilərin yetişdiyi Otrari, Dəşti-Qıpçaq çölünü bilərək görməzlikdən gəlmişlər.
Türklərin çox uzaq məsafələrə etdiyi bu cür köçlərin tarixdə sayı azdır. Türklər daha çox bəlli bir bölgə hüdudları içində köçəri həyat yaşamışlar. Yarı köçərilik, mövsümçülük və ya yaylaq-qışlaq həyat tərzi deyə biləcəyimiz bu yaşayış şəklinə qərbli alimlər yanlışlıqla köçərilik deyirlər. Əslində bu köçərilik deyildir, təbiət siklinə, mövsümlərin döngüsünə uyğun olaraq təbiət ananın nemətlərindən maksimum istifadə etmə sənətidir. Yaxın zamanlara qədər Fələstin, Suriya, İordaniya və b. ərəb ölkələrindəki türkmən oymaqları yayı çöllərdə qıl çadırlarda, qışı isə kəndlərindəki daş evlərində keçirirdilər. Son dövrlərdə sürətlə ərəbləşməkdə olan bu türkmənlər bölgədəki İsrail gərginliyi səbəbi ilə yaşadığı yerləri (məs., Suriyanın Qolan təpələrindəki türkmənlərin Şama yerləşməsi kimi) tərk edərək şəhərlərə yerləşir və türklüyündən uzaqlaşaraq assimilə olurlar.
Azərbaycanda yarı köçəri həyat tərzində yaşayanlara elat və ya tərəkəmə deyirlər. Qışı isti Muğan çölündə keçirən tərəkəmələr yayın istisindən, susuzluğundan, quraqlığından qurtulmaq üçün heyvanları, ovdanlıqları ilə birlikdə sərin, yaşıllıq, bolluq dolu dağlıq və dağətəyi bölgələrə köç edirlər. Quzey Azərbaycandakı elatların çoxu Qarabağ savaşından və ermənilərin Laçın, Kəlbəcər bölgələrini işğalından sonra yaylaq-qışlaq yaşayış tərzinə son verməyə məcbur olmuş, sərin, bərəkətli yaylaqlarından məhrum qalmışlar. Azərbaycanın güneyindəki elatlar gedərək azalsa da, Muğanda, Qaradağ ətrafında və özəlliklə qaşqay elində yarı köçəri yaşam tərzlərini davam etdirirlər. Çox az araşdırılmış olan bu elatlar zəngin folkloru, aşıq musiqisi, şifahi xalq ədəbiyyatı, qədim qam-şamanlardan bu günə gəlmiş insanları sağaltmaq üçün istifadə edilən türkəçarə üsulları, minillərdən üzü bəri gələn qədim türk damğalarının, motivlərinin bəzədiyi kilim, xalıları ilə araşdırmaçıların yolunu gözləyir.
Türklərdə mədəniyyətin bir başqa ünsürü olan şəhərçilik də çox gəlişmişdir. Özəlliklə uyğurlar, qıpçaqlar, tatarlar və Azərbaycan türkləri şəhər mədəniyyəti sahəsində böyük başarılar əldə etmişlər. Azərbaycan şəhərlərinin anası Təbriz, daha sonra Gəncə, Şamaxı, Ərdəbil, Şəki, Urmu, Şuşa, Maki, Bakı və s. tarixdə öz layiqli yerlərini tutmuşlar. Bu şəhərlər musiqisi, memarlığı, sənətkarlığı, ədəbiyyatı ilə mədəniyyətimizə böyük ərmağanlar vermişlər. Türklərdə tarixən həm zəngin elat kültürü, həm də gəlişmiş şəhər mədəniyyəti mövcud olmuşdur. Hər ikisi də üstün, zəngin, bir-birinə tən şəkildə önəmlidir. Elatları kiçimsəmək, kəndliləri aşağılayıb kəndli-şəhərli ayırımı etmək çox yanlış və zərərlidir. Bu səhvi edənlər türk kültüründən heç nə anlamayan, qərb gözlüyü taxıb türk kültürünə ögey gözlə və cahilcə baxanlardır. Ümumilikdə baxdığımızda, elat kültüründə yetişənlərin daha çox kollektivçi ruha sahib, əliaçıq, cəsur insanlar olduğunu, şəhər mədəniyyəti içində böyüyənlərin isə nazakətli, yığımcıl, ehtiyatlı olduqlarını görürük. Əlbəttə, fərdlərin sosial davranışları çox fərqli ola bilər, ancaq insanların genetik kodlarını da unutmamalıyıq.
Поделитесь записью в соцсетях с помощью кнопок: