Sarbest Insanlar olkasinda
Əhməd bəy Ağaoğlu - Sərbest insanlar ölkəsindəAuthor: Əhməd bəy Ağaoğlu
Publisher: www.kitab.az
Publication date: 2003
Language:Azarbayjan
Əhməd bəy Ağaoğlu (bizdə Ağayev kimi tanınıb) 1868-ci ildə Şuşa şəhərində anadan olub. Parisin məşhur Sarbon universitetini bitirib. Öz dilindən savayı rus, fars, ərəb, fransız, ingilis dillərini mükəmməl bilib. Şuşada, Bakıda, Parisdə, İstanbulda, Peterburqda yaşayıb və işləyib. Bakıda "Difai" (Müdafıə) partiyasının quruculanndan biri olub."Həyat", "İrşad", "Tərəqqi" və "Proqress" (rus dilində) qəzetlərinin açılmasında fəal iştirak edib və həmin qəzetlərin səhifələrində ciddi yazılarta özünü müqtədirjurnalist kimi tanıdıb.
Nijni-Novqorod və Peterburqda keçirilən Rusiya müsəlmanlan qurultayının təşkilatçılanndan biri olub. Azərbaycan Demokratik Respublikası dövründə Azərbaycan parlamentinin üzvü və partamentin sədr müavini seçilib.
ADR-in süqutundan sonra Türkiyədə yaşayıb. Böyük Atatürk dövründə Türkiyə Cümhuriyyətinin yaradılmasında onunla çiyin-çiyinə fəaliyyət göstərib. Türkiyə Mətbuat İdarəsinin rəhbəri vəzifəsində çalışıb. Anadolu agentliyini yaradıb. Parlamentin üzvü, millət vəkili seçilib. Ankara və İstanbul Universitetlərinin professoru olub.
Görkəmli mütəfəkkir 1939-cu Hdə İstanbulda dünyasını dəyişib.
Onun "Sərbəst insanlar ölkəsində" əsəri ilk dəfə 1930-cu ildə İstanbulda işıq üzü görüb. Oxuculara təqdim olunan seçmələr isə 2001-ci ildə Bakıda "Tutu" nəşriyyatı tərəfindən nəşr edilən kitabdan götürülüb.
SƏRBƏST İNSANLAR OLKƏSİNDƏ
Seçmələr
Monteskye «Qanunların ruhu" adlı əsərində hakimiyyət biçimlərindən bəhs edərkən, deyir ki: «İstibdad - yəni şəxsi hakimiyyət - məşrutiyyət, - şərəfə, respublika da - ləyaqətə dayanır".
Bu bölgü hələ də məna və əhəmiyyətini itirməyib. Şəxsi hakimiyyət zamanı xalq - tək şəxsin şıltaq və həvəsinə tabe olduğundan, milyonlarca insanın bu şıltaqlıq və həvəsə itaət etməsi üçün yeganə çarə xalqı qorxutmaq və xof içində saxlamaqdır. Bax, buna görə də, istibdad, tərbiyə və təlimdən başlayaraq, idarə üsullarınadək, hər şeydə qorxu aşılamağa söykənir.
Konstitusiyalı monarxiya zamanı hakimiyyət hökmdarlarla imtiyazlı bir sinfin əlindədir. Bu ortaq hakimiyyətin yaşaya bilməsi üçün bəllidir ki, hər iki tərəf bir-birinə sədaqət göstərməli və bağlı olmalıdır. Yəni şərəf şərt sayılır.
Respublikaya gəlincə, orada hakimiyyət bütövlüklə xalqın əlindədir və xalqa aiddir: əhalidən hər kəsin idarəçiliyə qatılmaq haqqı vardır. Aydındır ki, milyonlarca insanın qatıldığı idarəçiliyin öz varlığını sürdürməsi və bəyənilməsi üçün bu insanlar yüksək vəzifə və məsuliyyət duyğularına, üstün əxlaqi dəyərlərə yiyələnməlidirlər; yəni respublika zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir.
Bu ləyaqət nədən ibarətdir? Özünü necə göstərir? Oxucuların diqqətinə yetirdiyim bu əsəri, bax, həmin suallara cavab verməkdən ötrü yazmışam ...
... Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram:
Sol tərəfə gedən yol Azadlıq yoludur.
Sağ tərəfə gedən yol köləlik yoludur.
Sol tərəfi tutdum, səhərə qədər getdim. Dan yeri ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə qızıl hərflərlə yazılmış bu lövhəni oxudum:
Sərbəst insanlar ölkəsi
"Əsl mən istəyən yerdir" deyib qapıdan içəri girmək istədim. Keşikçilər yolumu kəsdilər:
- Sən kimsən? Hardan gəlib haraya gedirsən? - deyə soruşdular.
- Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm, - dedim.
Keşikçilər diqqətlə baxdılar. Boynumda zəncirin, qollarımda buxovların izləri bəlli idi.
- Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb
atmısanmı? - deyə soruşdular....
... Azadlıq bir kültür, bir mədəniyyət məsələsidir!
Anlamadım. Bir az da açıqlayın.
Açıq söyləyək. Heç bağçada çalışmısınız?
Çalışmışam.
O halda izahatım da asanlaşır. Yəqin bağçada çalışarkən bir ağacın, bir gül və ya
çiçəyin tutub yetişməsi üçün, onların təbiətindən doğan şərtlərlə hesablaşmaq lazım
gəldiyini bilmisiniz. Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da tutması və
yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir...
... Ancaq həqiqətə qalanda, onun (istibdadın) hər tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz. Tutalım, görəcəksiniz ki, ağzı köpüklənə-köpüklənə "azadlıq" bağıranlar, qonşusunun azadlığına dözmürlər. Özləri başqalarının azadlığı ilə toqquşan kimi, qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər! Axı hələ istibdadın taxtı doğrudan da sınmayıb, ruhlardan, könüllülərdən sökülüb çıxarılmayıb...
... Cəmiyyətə, yəni topluma gəlincə, o da yalana qarşı güclü əngəllər qoyarsa, tutalım, sərbəst insanlar ölkəsində olduğu kimi, yalançını içindən atarsa, adamlar yalan danışmaz. Amma bunun tam tərsinə olaraq, məharətlə söylənmiş bir yalanı ağıl nümunəsi sayan və ya yalançılıqla qazanılmış bir uğuru bəyənib alqışlayan və yalançı olduqlarını bildiyi insanlara hörmət-izzət göstərən toplum yalançılıq azarının bütün acılarına və bütün qorxunc sonuclarına boyun əymək məcburiyyətində qalır.
O cəmiyyətdə heç kəs heç kəsə inanmaz, özünə arxa durmaz. Buna görə də birgə fəaliyyətdən və birgə təşəbbüsdən söz belə getməz. Nəticədə inkişaf və yüksəlişin bütün yolları kəsilər və yavaş-yavaş soysuzlaşma gedər, olub-qalan yaxşı keyfiyyətlər də itirilər, heçliyə sürüklənmə başlar! ...
... Ah, bu necə ölkədir?! Sərbəst olmaq nə qədər çətin bir iş imiş!.. Görəsən, alışa biləcəyəmmi? Görəsən, azad ola biləcəyəmmi? Əwəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra olacaqmış. İnsan ruhu tarixin elə izlərini yaşadır ki, adamı da məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək gərəkdir. Yalan söyləməmək, yalnız öz xeyrini güdməmək, qoçaq olmaq, haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir!
Vəzifə və güc sahibi olan şəxsin yanında necə qorxmayasan, necə doğru danışasan, nə cür yaltaqlıq etməyəsən axı. Həmin şəxsi görən kimi, adam öz ödünü udur, başı əsir, boynu öz-özünə əyilir və dili başlayır tərif yağdırmağa!..
- Elədir, oğlum. Azad olmaq asan deyil. Köləlik daha asandır. Kölə özünü başqasının iradəsinə tapşırar, bununla da iş bitər. Azad adam isə, əksinə, başqasını düşünməklə üstünə yük götürər. Yadındamı, qala keşikçilərinin ilk sualı - "Başqalarını sevirsənmi?" oldu. Başqasını sevmək onun yolunda rahatsızlığa, əzab-əziyyətə qatlaşmaq deməkdir. Vətəndaş həm özünü, həm də başqasını zülmdən qurtarmaq istəyirsə, yalnız bu yola üz tutmalıdır...
-... Azad olmayan ölkələri tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Hamı ona baş əyməyə borcludur. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən çox, həmin şəxsin şıltaqlarının yerinə yetirilməsinə diqqət yetirilir. Buna görə də o adam, səlahiyyəti - yetkisi oldu-olmadı, istədiyi şəxsi işə götürə, yaxud işdən azad edə bilər. Belə yerlər işbilməzlər üçün daha sərfəlidir. Axı səriştəyə yox, özünü hakim şəxsə bəyəndirə bilmək keyfiyyətinə dəyər verilir. Ara qızışdırmaq, öz xeyrini güdərək ona-buna yarınmaq, gözə girmək, hiylə və yalan həmin keyfiyyətin tərkib hissələridir. Beləcə, təkcə ölkənin işləri səriştəsizlərin əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu axtararkən, bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya, ciddiliyə, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və yalana meyl salır. İstər adamlar, istərsə dövlət get-gedə alçalır və axırda tamam pozulur. İstibdadın idarə etdiyi biitiin ölkələrin sonu bu deyilmi? Belə yerlərdə ölkəni uçuruma aparan amil əslində istibdadın özü yox, istibdad quruluşunun işıqlı adamları mənən əzib korlamasıdır.
Amma o yerlərdə ki hakimiyyət xalqın əlindədir, ölkəni xalqın öz arasından seçdiyi adamlar idarə edir. Seçki, təbiəti baxımından əxlaqa, ləyaqətə, səriştə və ixtisasa söykənir. Bununla yanaşı bilməlisən ki, istibdad hökm sürən zaman dövlət elə də çox işlərə qarışmır, əsgərlik, xarici dövlətlərlə münasibətlər, ölkə içində inzibatçılıqla məşğul olur. Axı belə işlər həm məşhurluq gətirir, həm də hakimi əzəmətli göstərir. Ölkənin digər işlərinə ya heç baxılmır,
ya da bunlar ikinci dərəcəli sayılır. Tutalım, maariflə, ticarətlə, kənd təsərrüfatı ilə, yol çəkilməsi ilə, sənaye ilə istibdad özünü çox da yormur. Hamının sağlamlığını və sosial ödənc kimi işləri isə əsla düşünmür. Halbuki millətlər öz talelərini öz əllərinə aldıqları zamandan başlayaraq məhz bu işlər dövlət fəaliyyətinin başlıca sahələri olur. Məhz həmin işlər birbaşa millətin həyatı ilə bağlıdır. Ancaq sadalanan işləri görmək asan deyil. Səriştəsiz adam onların altından çıxa bilməz. Çünki çıxmağa baş istəyir, bilik istəyir. Eyni zamanda dövlət fəaliyyətinin bu cür artması hər bir ölkədə vergiləri çoxaldır, ağırlaşdırır, büdcələri şişirdir. Əhalidən yığılan milyonlarca para həmin işlərə xərclənməkdən ötrü beş-on adama tapşırılır. Deməli, həmin adamların özünə inamlı və bacarıqlı olmaları təməl şərt olur. Xalq dişindən-dırnağından kəsib, millət işinə sərf edilmək üçün verdiyi xeyli pulun etibarlı əllərdə olduğuna və səmərə verəcək bir tərzdə xərclənəcəyinə inanmılıdır!
Bax, buna görə də xalqın yönəltdiyi dövlət istibdad quruluşunda olduğu kimi, səriştəsizlərin əlində təcrübə taxtası ola bilməz. Elə xalq idarəsi ilə istibdad arasınldakı əsas fərqlərdən biri də budur ki, istibdadda dövlət adamlarının və məmurların arxalandıqları güc hökmdarın yaxşılıq və qayğısıdır. Halbuki xalqın yönəltdiyi dövlətdə həmin adamlar yalnız xalqın inamına söykənə bilərlər. Bu inam tükənən kimi hökumət və idarəçilik lap təməlindən yıxılmış sayılır. Aydın məsələdir ki, xalqın inamını yalnız gözəl əxlaqla, səriştə və ləyaqətlə qazanmaq mümkündür. Yəqin görürsən ki, idarə əxlaqı yerində olan, təcrübə və ixtisas sahibi sayılan adamların etdiyi sərbəst ölkələr gündən-günə yüksəlir və bunun tərsini edən - tək bir şəxsin yönəltdiyi ölkələr hər gün bir az da geriləyir...
...Azadlıq nəzarətlə varlığını qoruyur. Azadlıq demək - nəzarət deməkdir. Nəzarət olmayan yerdə azadlıq olmaz və ola bilməz! Bax buna görə də sərbəst ölkədə nəzarətdən keçirmək vətəndaşların həm haqqıdır, həm borcu. Bu üzdən haqdır ki, onların həyatlarına, müqəddəratlarına aid bir işdir. Ona görə borcdur ki, bu işi görməmək vətəndaşın təməl haqqından vaz keçməkdir.
Sərbəst ölkəyə gəlincə, düzdür, ölkədə məmurlar diqqətlə, ciddi şəkildə seçilirlər. Ancaq unutmaq lazım deyil ki, hökumət və güc pozucu amillərdir. Budda öz ləyaqətini hamıya göstərmək istədiyi zaman ilk işi o oldu ki, hökumətdən çıxdı. İnsanlara hökm etmək ən sayqılı və ən seçmə ruhlarda da hakimlik həvəsi oyadır. Hökumət sürənlər qıraqdan baxan, görən və lazım olduğu zaman tənqidə tutub qınayan gözlərin olduğunu bilməzlərsə, özləri fərqində olmasalar belə, bu həvəslərini artırar və axırda zorakılıq yoluna düşərlər. O səbəbdən idarə edənlərin öz şərəfləri üçün də nəzarətin olması lazımdır. Məhz nəzarət onlara daim borclarını xatırladar, bəlli hüdudları aşmamağa çağırar. Nəzarətsiz ölkələrdə məmur istərsə çalışar, istərsə çalışmaz, kefinə düşərsə qanuna baxar, düşməzsə baxmaz. Başlıcası odur ki, hökmdar ondan razı qalsın! Bax o üzdən belə ölkələrdə məmurların çoxu çalışmaz, qanuna baxmaz, həddini aşar və nəticədə dövlət fəaliyyətinin faydası heçə enər. Nəzarət olan ölkələrdə isə vəziyyət bambaşqadır!...
Поделитесь записью в соцсетях с помощью кнопок: