Vatanim,anam,dilim - Siirlar kitabi

Vətənim,anam,dilim - şiirlar kitabi
Author: Kollektif
Publisher: Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsi
Publication date: 2008
Number of pages: 164
Format / Quality: PDF
Size: 1,5 Mb
Language:Azarbaijan-Turkish
Цитата:TOFİQ FİKRƏT
MİLLƏT ŞƏRQİSİ
Çeynəndi, yetər, varlığımız cəhl ilə qəhrə!
Doğrandı mübarək Vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün bulmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz!
Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!
Gəl, qardaşım, anan sana möhtac, ona çatmaq,
Çatmaq ona, qurtarmaq o bibaxtı - vəzifən.
Qarşında köksü, bağrı açıq, ölgün yatır, bax,
Onsuz yaşamaqdansa bərabər ölüm əhvən!
Hər an o gözəl sinəyi xəncərləyir əllər,
İmdadına çatmasaq əgər, məhvi- müqəddər.
Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır!
Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!
Vaxtilə baban kimsəyə minnətmi edərdi?!
Yox! Qalmadı haşa sana zillət pədərindən.*
Dünyada şərəfdir yaşadan milləti, fərdi,
Silkin, ətalət tozu uçsun üzərindən.
İnsanlığı pamal** edən alçaqlığı yıx, əz,
Vallah, yaşamaq yerdə sürüklənməyə dəyməz!
Haqsızlığın hər üzünü gördük…Bumu qanun?
Ən qəmli səfalətlərə düşdük…Bumu dövlət?
Dövlətsə də, qanunsa da, artıq yetər olsun,
Artıq yetər olsun bu qədər zülmi - cəhalət…
Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!
*Pədər -ata
**pamal- məhv, təhqirMƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR
AZƏRBAYCAN*
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…
Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan!
Bisütuni-inqilabda Şirin- vətən üçün Fərhad
Külüng vurmuş öz başına, zaman-zaman Azərbaycan!
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!SƏMƏD VURĞUN
AZƏRBAYCAN
(ixtisarla)
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı…
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da, yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır,
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin vardır,
Oğlun, qızın bəxtiyardır…
Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş sonalar gəzər,
Xəyalım dolanar, gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur, oylağın sənin!
Aranın, yaylağın sənin.
Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan-tərə bata-bata.
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin!
Aşıq deyər sərin-sərin,
Sən günəşin qucağısan,
Şer, sənət ocağısan.
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Password: turklib
Поделитесь записью в соцсетях с помощью кнопок:
